...

Polşalı rejissor: Azərbaycanda kino sənayesinin inkişafı üçün çox əlverişli şərait var (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2014 17:26 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" adlı praktik təlim kursu layihəsini həyata keçirən Polşa kinematoqrafçıları ilə görüşüb.
Polşalı rejissor: Azərbaycanda kino sənayesinin inkişafı üçün çox əlverişli şərait var (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" adlı praktik təlim kursu layihəsini həyata keçirən Polşa kinematoqrafçıları ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tanınmış kino mütəxəssisləri Miroslav Dembinski və Maçyej Driqasın beynəlxalq layihəsi əsasında təşkil olunan kurslarda kino təhsili alan azərbaycanlı tələbələr və gənc rejissorlar iştirak edirlər. Kurs iştirakçıları qısametrajlı sənədli filmlər üzərində çalışırlar. Avqustun 21-də başlayan təlimlər sentyabrın 6-da başa çatacaq.

Nazir ustad dərslərinin gedişi və təlim prosesi ilə yaxından tanış olub. Rejissor M.Driqas layihə haqqında ətraflı məlumatı diqqətə çatdıraraq məşğələlərdə ərsəyə gələn filmlər, əldə edilən nəticələr haqqında danışıb. O, Polşa Kino Məktəbində təhsil, kino sənayesi və kinoprodüserliklə bağlı fikirlərini nazirlə bölüşərək bildirib ki, Azərbaycanda kino sənayesinin inkişafı üçün çox əlverişli şərait var.

Ə.Qarayev Polşa Kino Məktəbi ilə əməkdaşlıq barədə fikirlərini bildirib. Qonaqları gələn il Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edən nazir ölkəmizin dünyaya tanıdılması istiqamətində görülən işlərdən söz açıb. O, ümidvar olduğunu bildirib ki, "Bakı sübhdən günbatanadək" layihəsi Azərbaycanın sənədli filmlər vasitəsilə dünyaya tanıdılmasına, təbliğinə töhfə olacaq.

Sonra gənc azərbaycanlı rejissorların ustad dərsləri zamanı çəkdikləri filmlərə baxış keçirilib. Ə.Qarayev bildirib ki, layihə yeni ideyaların formalaşmasına təkan verəcək: "Hesab edirəm ki, bu təcrübə geniş yayılmalıdır. Gələn il Polşadan gələn mütəxəssislərlə animasiya filmləri üzrə ustad dərsləri də təşkil etməyi planlaşdırırıq. Çünki bu, yeni baxış deməkdir. Bundan əlavə, qarşılıqlı əlaqə və təcrübə mübadiləsi sahəsində əlaqələri davam etdirərək səs rejissorları, operator və digər texniki sahələrdə çalışanlar üçün xüsusi kurslar təşkil edəcəyik. Son illərdə Azərbaycan kinosunun inkişaf yolu göstərir ki, kinoda gənclərə açdığımız yol öz bəhrəsini verməkdədir. Bir neçə beynəlxalq festivalda Azərbaycan filmlərinin yüksək qiymətləndirilməsi buna bariz nümunədir".

Nazir vurğulayıb ki, ölkəmizdə yeni kinematoqrafiya məktəbinin formalaşdırılması bizim qarşımızda məqsəd olaraq qalır və dövlət bu işə öz dəstəyini verir. Gənc kadrların beynəlxalq təcrübələrə yiyələnməsi məqsədilə xarici kino mütəxəssislərinin ölkəmizə dəvət edilməsi və azərbaycanlı kino mütəxəssislərinin dünya kino məktəblərində kurs keçmələri üçün şərait yaradılacaq.

Qeyd edək ki, polşalı kino mütəxəssisləri indiyədək beynəlxalq layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərində (Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi və s.) gənc rejissorlar üçün kurslar təşkil ediblər. 2014-cü ildə kurslar Hindistan, Türkiyə və Azərbaycanda keçirilir. Təlim və məşğələlərin keçirilməsi üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. 20-dək gənc azərbaycanlı rejissorun cəlb olunduğu seminarlarda sənədli filmlərə baxış keçirilir, təhlil edilir, çəkiliş metodları, filmin montajı və s. məsələlər müzakirə olunur. Nəticədə Bakı haqqında 60 dəqiqəlik sənədli film istehsal olunacaq. "Bakı sübhdən günbatanadək" beynəlxalq layihənin tərkib hissəsi kimi dünyanın müxtəlif kinofestivallarında, telekanallarda təqdim olunacaq.

Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti