Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Vüqar İmanov/
Nüfuzlu "Miss Globe İnternational" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı ərəfəsində Azərbaycan təmsilçisi Oksana Rizayeva Trend-ə müsahibəsində bayram gecəsinə hazırlıq haqqında danışıb.
O.Rizayeva "Miss Photo Model Azerbaijan 2012", Latviyada "Miss Top of The World-2013" ikinci vitse-miss titulllarının sahibidir, ölkəmizi "Miss Universe-2013" və digər beynəlxalq müsabiqələrdə təmsil edib.
- Oksana, "Miss Globe İnternational" Azərbaycanı təmsil edəcəyiniz ilk belə böyük tədbirdir. Sizin əsas hədəfiniz nədir və müsabiqədən nə gözləyirsiniz?
- İlk növbədə, məni belə nüfuzlu dünya müsabiqəsində iştiraka dəvət etdiklərinə görə təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük fəxrdir, eyni zamanda, doğma divarlar arxasında ölkəni təmsil etmək böyük məsuliyyətdir. Mənim əsas məqsədim Azərbaycanı layiqincə təmsil etmək və ilk yerlərdən birini tutmaqdır.
- Dünya tacı uğrunda kimi əsas rəqibiniz hesab edirsiniz?
- Qızların hamısı gözəldir və dünya tacına layiqdirlər, rəqabət çox güclüdür, lakin əsas odur ki, hamı ilə çox səmimi və dostluq münasibətləri qurulub. Hazırda müsabiqəyə ciddi hazırlıq gedir, biz müxtəlif təlimlər və məşqlər keçirik, müxtəlif tədbirlərdə iştirak edirik və hər birimiz uğura inanırıq. Qoy, güclü olan qalib gəlsin!
- Bu müsabiqə şəxsən sizin üçün nə verəcək?
- Beynəlxalq müsabiqələr xeyli emosiya və yeni tanışlıqlar deməkdir. Burada sizə milyonlarla insan baxır və ulduzlardan ibarət (dizaynerlər, müğənnilər, aktyorlar və s.) münsiflər heyəti qiymət verir. Müsabiqə iştirakçılarının bütün keyfiyyətlərini qiymətləndirirlər, məsələn, necə ünsiyyət saxlayırıq, davranış tərzlərimizi, intellektimizi, geyinmək bacarığımızı, cazibəmizi və şübhəsiz xarici görüşünümüzü. Peşəkar model yerişi, ideal sağlam qamət, geyimləri düzgün uyğunlaşdırmaq və makiyaj çəkmək bacarığı, defile və ya fotosessiya zamanı istənilən obraza girmək qabiliyyəti. Uğur qazanmaq üçün özünə inanmaq lazımdır. Buna görə hesab edirəm ki, "Miss Globe İnternational" model karyeramın inkişafı üçün əla şans olacaq.
Qeyd: "Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq. Baş sponsor - Khazar Islands.
"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olamayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.
Müsabiqənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.