Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Bu il Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək 2-ci "Türkvizyon" mahnı müsabiqəsinin təqdimat mərasimi İstanbulun ən möhtəşəm məkanlarından biri olan "Çırağan" sarayında keçirilib.
Tədbirdə Türkiyədən, eləcə də bütün türk dünyasından tanınmış sənətçilər, dövlət və hökümət nümayəndələri, iş adamları iştirak ediblər.
Açiliş mərasimində çıxış edən TMB TV-nin sahibi Samir Qurbanov "Türkvizyon" beynəlxalq musiqi yarışmasının yaranması və məqsədləri barədə danışıb. O bildirib ki, bu yarışma türk dünyasının müasir musiqisini dünyaya tanıtmaqla yanaşı, türkdilli xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Təqdimat mərasimində iştirak edən Azərbaycanın xalq artisti Brilliant Dadaşova, türkiyəli müğənnilər Kibariye, Mustafa Ceceli, Sinan Akçıl, Özgün "Türkvizyon" müsabiqəsinə verdikləri töhfəyə və TMB TV ilə sıx əməkdaşlığa görə xatirə hədiyyələri ilə mükafatlandırılıblar.