...

Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgi

Mədəniyyət Materials 6 Noyabr 2014 17:37 (UTC +04:00)
Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.
Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgi

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

2014-cü ildə görkəmli sənətkar, xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümündən isə 40 il keçir. Bu əlamətdar hadisəni qeyd etmək məqsədilə 2014-cü il noyabrın 7-də saat 12:00-da S.Bəhlulzadənin ev-muzeyində rəssamın qrafik əsərlərindən ibarət fərdi sərginin açılışı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri sərgilənəcək.

Sərgidə nümayiş olunan əsərlər "Səttar Bəhlulzadə-105. Qrafika" adlı kataloqda (Bakı, 2014) əks olunub.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, ev-muzeylərin əməkdaşları, KİV nümayəndələri dəvət olunublar.

S.Bəhlulzadənin Azərbaycan təsviri sənət tarixində rəngkar rəssam kimi xarakterizə edilməsinə, sərgilərdə əsas etibarilə boyakarlıq əsərləri ilə çıxış etməsinə baxmayaraq, rəssamın qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. S.Bəhlulzadə qrafik əsərlərini qrafika sənətinin müxtəlif təsvir vasitələri ilə - karandaş, tuş, qamış qələm, rəngli flomaster və s. işləyib.

1966-cı ilin oktyabrında Çexoslovakiyanın paytaxtı Praqa şəhərində S.Bəhlulzadənin məhz qrafik əsərlərindən ibarət fərdi sərgisi açılmışdı. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi. Boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, Azərbaycan təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. "Tut ağacları", "Bilgəh kəndi", "Gözəllər", "Dağlar və göl", "Sənaye mənzərəsi", "Keramika və meyvələr", "Dağlar və buludlar" və b. əsərlərində rəssam doğma diyarımızın səfalı guşələrini qrafika sənətinin təsvir vastələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.

S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda, Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.

İstər muzey və qalereyalarda, istərsə də şəxsi kolleksiyalarda qorunan qrafik əsərlərin hər birində rəssamın sadəcə gördüyü bir təbiət bucağının kağızda əksini deyil, hərarətli qəlbli sənət ustadının əsərini görürük. Bu rəsmlərdə Bəhlulzadənin məqsədi sadəcə reallığı təsvir etmək yox, özünün də gündəliklərində qeyd etdiyi kimi "məhəbbətlə əsərlər" yaratmaqdır. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılmış qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti