...

CAR tarixində ilk dəfə olaraq Azərbaycan klassik musiqisindən ibarət konsert təşkil olunub (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2014 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend, müxbir Səbinə Əhmədova/

12-13 noyabrda ilk dəfə olaraq Cənubi Afrika Respublikasının (CAR) Cohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş "Qəbələdən Cohannesburqa. Müsiqi sərhəd tanımır" adlı, klassik musiqi konserti keçirilmişdir.

Azərbaycanın CAR-dakı səfirliyinindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən "Azərbaycan Dostları" qeyri hökumət təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının CAR-dakı səfiri Elxan Poluxov açılış nitqi ilə çıxış etmişdir. Qonaqlara Azərbaycan və Naxçıvan Muxtar Respublikası barədə məlumat verən diplomat səfirliyin təsis edildikdən sonra üç il ərzində fəaliyyəti, dövlətər arası əlaqələrin inkişafı, baş tutmuş qarşılıqlı səfərlər və Səfirliyin perspektiv planları barədə danışmışdır. Səfir həmçinin bu cür tədbirlərin Azərbaycan mədəniyyəti və musiqisini Afrika xalqına daha gözəl təqdim etmək imkanı yaratdığını və Odlar Yurdunun tarixi köklərə bağlanan klassik musiqisindən zövq alacaqlarına ümüd etdiyini bildirmişdir.

Daha sonra CAR-ın önəmli iş adamlarından, İçikovitz Ailəsi Fondunun (İchicowitz Family Foundation) təsisçisi İvor İçikovitz çıxış edərək CAR tarixində ilk dəfə olaraq Azərbaycan klassik musiqisindən ibarət konsertin təşkil olunduğunu və bu konsertin CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirilməsinə təkan verəcəyini qeyd etmişdir. Həmçinin qonaq, Azərbaycan Respublikasının CAR-da Səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulamışdır.

Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Cohannesburq Filormonik Orkestrının ifasında Fikrət Əmirovun "Azərbaycan Kapriçiosu" və "Ərəb mövzusunda piano konserti", Qara Qarayevin "Yeddi Gözəl baletindən Suita", Soltan Hacıbəyovun "Karvan" və Çaykovskinin "Rokoko mövzusunda variasiyaları", solistlər - Respublikanın əməkdar artisti Aleksey Miltıx və Beynəlxalq müsabiqələr lauriatı Səidə Tağı-zadənin iştirakı ilə ifa edilmişdir. Həmçinin, ilk dəfə olaraq"Linder"konsert zalında Sevda İbrahimovanın "Etiraflar" adlı əsərinin dünya premyerası baş tutmuşdur.

Musiqi gecəsinə CAR-da akkreditə olunmuş Səfirlər, diplomatik korpusun nümayəndələri, yüksək rütbəli dövlət məmurları, CAR-da yaşayan Azərbaycan və Türkiyə icması, yerli klassik musiqi sevərləri və media nümayəndələri iştirak etmişdirlər. Zalda toplaşan çoxsaylı qonaqlar Azərbaycan klassik musiqi incilərini yüksək qiymətləndirərək, gurultulu alqışlarlarla Y.Adıgözəlovu və solistləri dəfələrlə səhnəyə dəvət etmişlər.

Zalın foyesində Heydər Əliyev Fondunun nəşrlərindən ibarət kitab sərgisi təşkil edilmişdir.

Qeyd etmək lazımdır ki, bu il Cohannesburq Filormonik Orkestrı VI Qəbələ Musiqi Festivalında iştirak etmişdir.

Konsert proqramı yerli və xarici KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti