...

YAY qalereyasında Dejan Kaludjeroviçin "Müsahibə: Azərbaycan" adlı fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2014 18:46
YARAT Müasir İncəsənət Məkanı və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə YAY qalereyasında Dejan Kaludjeroviçin "Müsahibə: Azərbaycan" adlı fərdi sərgisi açılıb.
YAY qalereyasında Dejan Kaludjeroviçin "Müsahibə: Azərbaycan" adlı fərdi sərgisi açılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Vüqar İmanov/

YARAT Müasir İncəsənət Məkanı və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə YAY qalereyasında Dejan Kaludjeroviçin "Müsahibə: Azərbaycan" adlı fərdi sərgisi açılıb.

"Sabahkı gün bizə nələr gətirdi?" sualı dünyada ən sadə sual olmaqla yanaşı, həm də ən çətin sualdır. Olduqca şəxsi və olduqca ümumi səslənən bu sual bir adamın da, bir ailənin də, bir icmanın da verdiyi sual ola bilər. Bəs, doğrudan da, sabahkı gün, görəsən, bizə nələr gətirdi?

Gənc bir cütlüyün sabiq Yuqoslaviyada çəkdirdiyi bu fotoşəkil, demək olar ki, dözülməz sentimentallıq saçır: körpünün üstündə duran iki gənc... onlar, sanki, ömrün astanasından gələcəyə boylanırlar... körpünün altından axan suyun şırıltısı da eşidilir... Onların geyimi və saç düzümü XX əsrin 60-cı illərin axırlarından xəbər verir - nostalji təsirli olduğuna görə artıq romantik görünən bir dövrün fotosu. Ancaq bu foto müəyyən mənada saxtadır. Əslində, Dejanın valideynləri o körpüdə ayrı-ayrılıqda şəkil çəkdirmişdilər, gördüyümüz foto isə rəqəmsal calama yoluyla həmin iki şəkildən düzəldilib. Bu balaca yalan qarşımıza başqa bir sual çıxarır: görəsən, iki şəxsin öz həyat təcrübəsini bir-biriylə paylaşması mümkündürmü, yoxsa həyat elə hər zaman təkbaşına keçən səyahətdir? Görəsən, dövlət öz vətəndaşlarına əbədi səadət üçün zəmanət verə bilərmi? Məlumdur ki, çətin verə bilə. Elə buna görə də yaxşıdır ki, biz sabahın bizə nələr gətirəcəyini heç vaxt bilmirik. Amma nağılların "və indən bəri xoşbəxtlik içində yaşadılar" kəlməsindən səslənən nikbinlik nağıldan başqa bir şey olmasa da, xoş xatirə bəsləməyə bizə kömək edir, hər bir uzunmüddətli layihə üçün də çox önəmlidir.

Dejan Kaludjeroviç davamlı olaraq "Halım olubdu yaman" (Je suis malade) layihəsi üzərində işləyir. Bu layihə, eyniadlı mahnının - fransız ulduzu Dalidanın ilk dəfə 1973-cü ildə ifa etdiyi populyar hitin uşaq ifasında necə səslənməsini göstərən videolar dəstindən ibarətdir. Layihə üçün video-çarxlar indiyəcən Sloveniya, Avstraliya, Ukrayna, ABŞ və Azərbaycanda çəkiliblər. Olduqca sadə düşünülüb: qaranlıq otaqda tək-tənha duran balaca uşağın videosu çəkilir - kədərli görünən uşaq heç anlamadığı bir xarici dildə tərk olunduğu, əlacsız qaldığı və özü özünü məhv etməsi barədə oxuyur. Uşaqların heç biri fransız dilini bilmir, amma lap bilsə belə, nə cür duyğular barədə oxuduğunu dərk etməsi əsla mümkün deyil. Yenə də, balaca artistlər əllərindən gələni edirlər ki, TV-lərdən gördükləri müğənnilərə bənzəsinlər. Mətnin əksər səviyyələri uşaq aləmindən xeyli uzaq olduğuna görə, uşaqların bu mövzu mücadiləsi çox təsirli və eyni zamanda məzəli görünür. Uşaqların necə həm müamma, həm də əzm ilə sabahın onlara nəyisə gətirib-gətirməyəcəyi haqqında oxumaqları lentə alınır. Onlar sonsuz verilişlərə, şoulara, MTV-lərə baxaraq ibrət alırlar, necə geyinməli, necə görünməli, necə davranmalı olduqlarını öyrənirlər, lap elə biz böyüklər kimi. Axı biz də həmin şou və xəbər kanallarına bel bağlayırıq və nəyin baş verdiyini, bu barədə nə düşünəcəyimizi, nə hiss edəcəyimizi bizə deməyi onlara həvalə edirik.

Gerçəkdən uzaq işləri vəd edən, qəliz və təmtəraqlı ideoloji cümlələrlə danışan siyasətçilərin, Yer üzündə hər şeyə dair öz dolam-dolaşıq şərhini verməyə hazır media ziyalılarının, cəmiyyətin dərdini çəkən məşhurların balaca, sevimli təkrarı olan bu uşaqlar çox tez öyrəndilər ki, həyatda hər şeyi həll edən xarici görünüşdür. Onlar qlobal media mədəniyyətinin ən yaxşı mənsublarıdır və hamısı bir ölkədən gəliblər - sehrli TV-land ölkəsindən, harada ki həyat yalnız səhnə işığında cərəyan edir. Bütün bunlarla yanaşı, Kaludjeroviçin işində olduqca qiymətli məqamlar da az deyil: onun balaca qəhrəmanları bəzən qətiyyətsizlik keçirib tərəddüd edirlər, utanıb-çəkinirlər, böyük dramatizmin və mürəkkəb melodiyanın öhdəsindən gələ bilmirlər və onların səmimi, real hissləri sızaraq üzə çıxırlar.

Kaludjeroviçin "Müsahibələr: çənbər, ip, aşıq və qum" silsiləsindən olan, məkana uyğun qurulmuş "Əlifba kubları" audio-instalyasiyası beş ölkə (Serbiya, Rusiya, Azərbaycan, İtaliya və Avstriya) uşaqlarının müsahibələrindən ibarətdir. Hər ölkədə müxtəlif sosial, mədəni və etnik qrupları təmsil edən uşaqlara çətin olmayan eyni suallar verilir. Onların cavabları bəzən quru, bəzən məzəli səslənərək, ailədə eşitdiklərinə, məktəbdə öyrəndiklərinə və ya KİV-lərdən bildiklərinə əsaslanırlar. Onlar hələ çox balacadırlar ki, öz şəxsi mövqeləri olsun, odur ki, bu uşaqlar tərbiyə aldıqları mühitin ab-havasını əla əks etdirirlər - ətrafdakıların ümid və xurafatlarını, yeni dünya görüşü və köhnə ədavətlərini, ən yaxşı və ən pis hər nə varsa hamısını. Onlar sabahın bizə nə gətirəcəyini təcəssüm etdirirlər. Bu, bəzən qorxunc, bəzən isə çəkici olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti