...

Dövlət Kukla Teatrı mövsümü başa vurdu (FOTO)

Mədəniyyət Materials 14 İyul 2015 14:03 (UTC +04:00)
Uşaqların maarifləndirilməsi, mənəvi-estetik tərbiyəsinin möhkəmləndirilməsi və teatra sevgi ruhunda yetişməsi üçün hər dəfə yeni-yeni tamaşalar, azyaşlılarla bağlı xeyriyyə xarakterli aksiyalar təşkil edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 84-cü mövsümünə yekun vurdu.
Dövlət Kukla Teatrı mövsümü başa vurdu (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Uşaqların maarifləndirilməsi, mənəvi-estetik tərbiyəsinin möhkəmləndirilməsi və teatra sevgi ruhunda yetişmələri üçün hər dəfə yeni-yeni tamaşalar, azyaşlılarla bağlı xeyriyyə xarakterli aksiyalar təşkil edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 84-cü mövsümünə yekun vurub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhsuldar və uğurlarla bol teatr mövsümünə tamaşaçılara milli və dünya dramaturgiyasından seçilmiş 4 fərqli tamaşa, teatrın nəzdindəki "Oyuq" teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert və tamaşa təqdim edən sənət ocağının yaradıcı heyəti qarşıdakı mövsümdə də tam gücü ilə çalışaraq fərqli səhnə işlərini təqdimata hazırlaşırlar.

Bunu mövsümün sonu ilə bağlı hesabat xarakterli çıxışında teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə deyib.

Yeni səhnə əsərləri, festivallar və sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka, xüsusən ölkəmizdə keçirilən I Avropa Oyunları münasibətilə həyata keçirilən tədbirlərdə - kuklaların tərtibatı və rəssam işlərində yaxından iştiraka görə, o əməkdaşlara təşəkkürünü bildirib.

R. Əhmədzadə il ərzində istər teatrda nümayiş olunan tamaşalarda, istərsə də təqvimdəki xüsusi günlərlə bağlı keçirilən irimiqyaslı tədbirlərdə kuklaçıların fəal iştirakından söz açıb.

Qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını deyən direktor 15-20 noyabr tarixlərində paytaxtımızda baş tutacaq növbəti teatr bayramı -"Cırtdan" III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyini bildirib. O, festivalının açılışının maraqlı və rəngarəng olması üçün əllərindən gələni edəcəklərini bildirib.

Qarşıdakı mövsümdə də hər kəsə uğurlar arzulayan direktor teatrın tamaşaçılarına yeni səhnə işləri ilə sürprizlər ediləcəyini də deyib.

Çıxışdan sonra balaca tamaşaçılar və digər qonaqların iştirakı ilə "Tıq-tıq və Taq-taqın nağılı" tamaşasına baxış olub.

Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edə bilib.

Tamaşanın quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti