...

Hollivudda “Arşın Mal Alan” filminin ilk premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2015 10:53 (UTC +04:00)
Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub.
Hollivudda “Arşın Mal Alan” filminin ilk premyerası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub. Bu barədə Konsulluqdan Trend-ə verilən məlumatda bildirilir.

Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.

Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" kinoteatrında təqdim edilib. Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.

Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, "Arşın Mal Alan" filminin isə 70 illiyinə həsr olunub.

Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, "Arşın Mal Alan" filmi barədə məlumat verib. Baş konsul hələ 2001-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib.

Sonra Ümummilli Liderin çıxışı nümayiş etdirilib. N.Ağayev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edilmiş və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, "Arşın Mal Alan" filminə yeni həyat qazandırdığını bildirib. Diplomat Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb.

Baş konsul Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın "Üzeyir Hacıbəyli Günü" elan edildyini qeyd edərək, sözügedən şəhərlərə öz minnətdarlığını bildirib. Sonra Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat unudulmaz müğənninin gözəl ifasının və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını qeyd edib.

Sonra çıxış edən Rəşid Behdbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R.Rəşid filmin bərpasına və rənglənməsinə görə, Heydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid "Arşın Mal Alan" filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.

Daha sonra fimin bərpasını və rənglənməsini həyata keçərən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, Walt Disney Studios kimi tanınmış kino-şirkətlərinin filmlərinın tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər. Natiqlər belə bir önəmli layihədə iştiraklarından məmunluqlarını ifadə edərək, "Arşın Mal Alan" kimi zəngin bir filmin dünya mədəniyyəti üçün yüksək əhəmiyyət daşıdığını bildiriblər.

Sonra film nümayiş etdirilib. Nümayişdə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib. "Arşın Mal Alan" bir daha qəlbləri fəth edərək, tamaşaçıların gurultulu və sürəkli alqışları ilə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti