Bakı.-Trend:
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində xalq şairi Zəlimxan Yaqubun anım günü keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB Gəncə Bölməsinin sədri Xəzangül Zəlimxan Yaqubun həyatı, onun keşməkeşli, çətin, şərəfli ömür yolu barədə geniş məlumat verdi. Natiq qeyd etdi ki, xalq şairi Zəlimxan Yaqubun Borçalıdan başlayan çoxşaxəli yaradıcılığı Bakıya, İstanbula, Təbrizə, bir sözlə, bütün Turan dünyasına yayıldı.
Onun sözlərinə görə, Zəlimxan Yaqubun yaradıcılığı bütövlükdə milli mənlik şüurunun əksi, vətənpərvərlik duyğusunun aynasıdır: "Zəlimxan Yaqubun şeirləri odlu-alovlu, hər kəlməsi, hər sözü, hər misrası Vətənə məhəbbət hayqırır. Bu mənada Zəlimxan Yaqub yaradıcılığı gəncliyə milli mənlik şüurunun aşılanması, Vətənə məhəbbət, sədaqət və Vətən uğrunda şəhidlik zirvəsinin müqəddəsliyini anlatmaq baxımından ən gözəl nümunədir".
Sonra şair Ramiz Təmkin qeyd etdi ki, Zəlimxan Yaqub ilhamının mayasını Dədə Qorqudun qopuzundan, Qurbaninin sazından götürmüşdür. O, gəncliyindən qeyri-adi istedadı, yüksək natiqlik qabilliyyəti, dərin hafizəsilə milyonların könlündə özünə yuva qurdu. Neçə ki, sazımız, sözümüz, baldan şirin dilimiz var Zəlimxan Yaqub əbədi yaşayacaqdır.
Şair və yazıçılardan Qərib Mehdi, Aləmzər Əlizadə, Ofelya Mədətqızı, Rəhim Qurbani, Oqtay Abdulla, Nadir Ovçu, Bayram Göyçəli, Banu Qarayeva, Eyyub Cabbarov, Oruc Göyçəli və Qul Məsail çıxış edərək şairin yaradıcılığı barədə öz fikir və mülahizələrini bildirdilər, ona həsr etdikləri şeirlərini oxudular. Tədbirdə gənc yazarlardan Zinyət Zəki, Şəfa Vəli, Cahandar Aybər böyük şairin şeirlərindən nümunələr səsləndirdilər.
Gəncə yazarları Zəlimxan Yaqubu necə xatırladılar?
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində xalq şairi Zəlimxan Yaqubun anım günü keçirilib.