Bakı. Trend:
May ayının 10-13 tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı tədbirdə xalqımızın mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış “Odlar Yurdu – Azərbaycan” adlı möhtəşəm şou-proqram tədbir izləyicilərinə nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb.
Trend-in məlumatına görə, 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkəzində olub, kütləvi informasiya vasitələrində və sosial mediada geniş işıqlandırılıb.
Bu il 75 illik yubileyini qeyd edən “Royal Windsor Horse Show” atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən iştirak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarından olan Qarabağ atına valeh olub.
Təsadüfi deyil ki, 1956-cı ildə II Elizabetə hədiyyə olunan ilk Qarabağ atı – “Zaman” Böyük Britaniyada Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.
“Odlar Yurdu – Azərbaycan” adlı bədii kompozisiyada əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ecazkar musiqi müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər.
Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi 12 dəqiqəlik proqramda əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam öz bacarıqlarını göstəriblər.
12 may 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və Qarabağ atının tuncdan hazırlanmış heykəlini rəsmi hədiyyə olaraq təqdim edib.