...

Aygün Səmədzadənin möhtəşəm yaradıcılıq gecəsi: azan, mələklər, Müşərrəf Akay, ulduzlu səma (FOTO)

Mədəniyyət Materials 12 İyun 2018 14:01 (UTC +04:00)
Bakının Yaşıl Teatrında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, xalq artisti Aygün Səmədzadənin “Azərbaycan” adlı möhtəşəm yaradıcılıq gecəsi keçirilib.
Aygün Səmədzadənin möhtəşəm yaradıcılıq gecəsi: azan, mələklər, Müşərrəf Akay, ulduzlu səma (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

Bakının Yaşıl Teatrında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, xalq artisti Aygün Səmədzadənin “Azərbaycan” adlı möhtəşəm yaradıcılıq gecəsi keçirilib.

Trend-in məlumatına görə, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş 4 saatlıq bayram gecəsi parlaq nömrələrlə, çıxışlarla və çoxsaylı maraqlı məqamlarla əlamətdar olub.

Konsert proqramı saat 20:00-da başlamalı olsa da, Müqəddəs Ramazan bayramının iftar vaxtını nəzərə alan A.Səmədzadə həmin vaxtı aralarında çoxlu oruc tutan qonaqlarına ayırmaq qərarına gəlib. Azan səslənib, iftar açılıb, ardından konsertdə hətta Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhraya həsr olunmuş kompozisiya təqdim edilib.

Gecədə A.Səmədzadənin klassik əsərlərdən, estrada mahnılarından tutmuş vətənpərvər mahnılara, müxtəlif janrda (milli, müasir, klassik, vals) olan rəqs nömrələrinədək yaradıcılığının geniş palitrası təqdim olunub.

Zaldakı anşlaq A.Səmədzadənin yaradıcılığına olan sevginin növbəti təsdiqi idi, çünki bəstəkar özünün əsərlərində insan hisslərinin, qəlb çırpıntılarının və emosiyaların çalarlarını əks etdirir. Onun kompozisiyaları dərin emosionaldır və heç vaxt dinləyicini biganə qoymur. Qeyd etmək lazımdır ki, A. Səmədzadə təkcə gözəl bəstəkar deyil, həm də çox yaxşı ifaçıdır, o, kompozisiyalarını tez-tez özü səsləndirir.

Gecənın açılışı qədim Azərbaycana həsr olunmuş bədii-rəqs kompozisiyası ilə baş tutub, sonra isə A. Səmədzadə mələklərin əhatəsində və özünün “Biri varmış, biri yoxmuş” xiti ilə səhnəyə çıxıb. Ardından gənc istedadlı artistlərin ifasında “Müstəqillik marşı” səslənib. A.Səmədzadə qeyd edib ki, kompozisiya cəmi bir gün ərzində, üstəlik mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi günündə yazılıb. Məlum olduğu kimi, gözəl əsərlər bəstəkarların ilhama gəlməsi ilə ərsəyə gəlir. Mayın 28-si isə A. Səmədzadə üçün onunla əlamətdardır ki, əvvəlki illərdə həmin gün o, Azərbaycan haqqında iki kompozisiya da yazıb.

Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev gecənin aparıcısı olub. Artistlər bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər. Onların arasında respublika və beynəlxalq müsabiqələrin laureatları Kamilə Nəbiyeva, Nigar Cəlilova, Orxan Cəlilov, Günay İbrahimli, Vüsal Hacıyev, Ayaz Qasımov, Leyla İdrisova, Emil Bədəlov, Pərviz Abdullayev, Nazim Məmmədov, Fidan Süleymanova, əməkdar artistlər Lalə Məmmədova, İlqar Muradov, Rəşad İlyasov, Nurlan Növrəsli, xalq artistləri Eyyub Yaqubov və Ənvər Sadıqov olublar. Onlar sözləri Xanım İsmayılqızı, Qənirə Paşayeva, Kəmalə Abıyeva və digər tanınmış şairlərə aid yeni kompozisiyalar və sevimli xitlər ifa ediblər.

“İstedad” rəqs ansamblı parlaq təəssürat yaradıb. Ansambl bütün gecə ərzində qədimlikdən müasirliyə, ənənələrdən klassik xoreoqrafiya incəsənətinə məharətlə keçid edib. Baletmeyster Ruslan Hacıyev olub.

Əməkdar artist Aygün Bəylərin gəlib çıxması daha bir maraqlı məqam olub. O, sağlıq vəziyyətinə baxmayaraq, yenə də konsertə gəlib və Kamilə Nəbiyeva “Tut ağacım” mahnısını ifa edərkən tamaşaçılar arasında duet şəklində improvizə edib, bununla da zal və A. Səmədzadənin xoş təəccübünü doğurub.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılmış Teleradio Akademiyasının rektoru, tanınmış jurnalist Etibar Babayevin etdiyi gözlənilməz sürpriz gecənin kulminasiyası olub. Belə ki, xüsusilə olaraq Türkiyədən gələn əfsanəvi Müşərrəf Akay səhnəyə təşrif buyurub. Azərbaycan və Türkiyə ilə qardaş münasibətlər haqqında çoxlu xoş sözlər deyən ifaçı A. Səmədzadənin ən sevimli kompozisiyalarından biri olan “Ruhumuz qovuşacaq” mahnısını səsləndirib.

A.Səmədzadə, həmçinin gecənin iştirakçılarını özünün duetləri ilə sevindirib. Tamaşaçılar gecənin sonunda səhnəyə çıxaraq Azərbaycan haqqında mahnını ifa ediblər.

Konsert qurtaranda gecə yarıdan keçmişdi, səmada ulduzlar sayrışırdı...

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti