...

Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı İdris Mehdiyevin yaradıcılığı xatırlanıb

Mədəniyyət Materials 21 Noyabr 2018 02:47 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı İdris Mehdiyevin yaradıcılığı xatırlanıb

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” televiziya kanalının birgə layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölməz sənətkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Tədbirdə “Mədəniyyət” televiziya kanalının direktoru Ramil Qasımov, xalq artisti Ağa Cəbrayıl Abasəliyev, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova çıxış edərək ölməz sənətkarın ömür yolundan, zəngin yaradıcılığından danışıblar.

Bildirilib ki, görkəmli sənətkar öz bənzərsiz ifası ilə musiqi mədəniyyəti tariximzdə özünə məxsus iz qoyub. O, musiqi sənətimizi respublikamızın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində ləyaqətlə təmsil etmiş, Radio və Televiziyanın estrada-simfonik orkestrinin müşayiəti ilə Fikrət Əmirov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Zülfüqarov, Səid Rüstəmov, Cahangir Cahangirov, Əziz Əzizli, Qənbər Hüseynli kimi korifey sənətkarlarımızın əsərlərinin parlaq və təkraredilməz ifaçısı olmuşdu.

Diqqətə çatdırılıb ki, ansambldakı xidmətlərinə görə İdris Mehdiyev 1978-ci ildə “Azərbaycan SSR-nın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Xatirə gecəsində Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının “Dan ulduzu” instrumental ansamblının, Vaqif Mustafazadə adına “Sevil” vokal kvartetinin, Ramiz Mustafayev adına xorun və digər tanınmış artistlərin ifasında İdris Mehdiyevin vaxtilə oxuduğu mahnılar səslənib.

Sonda sənətkarın həyat yoldaşı Məhəbbət Mehdiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.

Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik,
etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 24-də saat 19-da Beynəlxalq Muğam Mərkəzinin “Mədəniyyət” televiziya kanalı ilə birgə layihəsi çərçivəsində tanınmış tarzən Məmməd Ağasıyevin yaradıcılığına həsr olunmuş gecə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti