Bakı. Trend:
Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılışı olub. Tədbir İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Trend-in məlumatına görə, əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayan diplomat bildirib ki, ölkəsində 1340 etnik qrup var: “Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir.
Ə.Qarayev bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.
Qeyd edək ki, İndoneziyanın musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalın açılış mərasimində iştirak ediblər.
Festivalın açılışında İndoneziya xalqına məxsus “Ankluq” musiqi alətində ifalar, “Kuda lumpinq” adlanan atlılar dəstəsini əks etdirən ənənəvi “Yava” rəqsi təqdim olunub. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - “Topenq kras” tamaşaçılara xoş təsir bağışlayıb.
“Mocanq prianqan” rəqsi Cayponqan janrındadır. Bu janr, İndoneziyanın qərbi Yava əyalətində məskunlaşmış sunda əhalisinin populyar ənənəvi rəqsidir. Bu xalqın milli sərvətlərindən olan “Randay” musiqi, ifa, rəqs, dram və silat döyüş sənətini özündə birləşdirən xalq teatrı ənənəsidir. Festivalın açılış mərasimində təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların zövqünü oxşayıb.
Festival sentyabrın 13-dən 15-dək Fəvvarələr meydanında davam edəcək.