Bakı. Trend:
17-24 fevral Bakıda gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək.
Trend-in məlumatına görə, müsabiqə "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkilati dəstəyilə reallaşacaq.
Müsabiqənin məqsədi klassik və folklor musiqinin populyarlaşdırılması və geniş təbliğidir. Müsabiqə gələcək nəslin istedadlı uşaqlarının aktiv inkişafına böyük təkan verəcək. Bu müsabiqədə yaş həddi 6-40 arası olan iştirakçılar solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilər.
Filarmoniyadan bildirilib ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.
Müsabiqə 3 turdan ibarətdir. Bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin münsiflər heyəti ölkəmizlə yanaşı, Gürcüstan, Qazaxıstan, Litva, Çexiya, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
Müsabiqənin bağlanışı, iştrakçıların mükafatlandırılması və qala konsert fevralın 24-də saat 12:00-da
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir.
"World Harmony" MÜSABİQƏSİNİN TƏŞKİLAT KOMİTƏSİ
1. Tsitsino Biçikaşvili - müsabiqənin təsisçisi və təşkilatçısı - (fortepiano).
2. Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Akademik Filarmoniyanın direktoru, Xalq artisti, professor, “Gənclərə Dəstək” layihəsinin rəhbəri.
3. Nərgiz Əliyeva - Əməkdar artist, Q. Qarayev adına Azərbaycan Dövlət kamera Orkestrinin direktoru.
4. Rustam Şayxutdinov - professor, Rusiya - (fortepiano).
5. Tamar Sarvazişvili - Beynəlxalq müsabiqələrin üzvü - (vokal).
6. Diana Jaiani – Gürcüstanın Əməkdar müəllimi - (skripka).
7.Kərimova-Zəkəriyyə Ayla - musiqişünas,
Azərbaycan Dövlət Akademik Filarmoniyanın quruluşçu rejissoru, “Gənclərə Dəstək” layihəsinin koordinatoru
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az