...

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib

Mədəniyyət Materials 16 Mart 2020 15:47 (UTC +04:00)
Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.

Xatırladaq ki, mərhum xalq artistinin 74 yaşı var idi.

Mərhum martın 17-də 14:00-da II Fəxri xiyabanda dəfn olunacaq.

Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda Zaur, Don Juan (“Ümid”, “Bəşərin komediyası, yaxud Don Juan”, M.İbrahimbəyov), Klavdi, Klavdio, (“Hamlet”, “Heç nədən hay küy”, V.Şekspir), Bəhram, (“Fitnə”, A.Şaiq), Vojevatov və Paratov (“Cehizsiz qız”, A.Ostrovski), Rövşən (“Əliqulu evlənir”, S.Rəhman), Müstəntiq (“İstintaq”, R.İbrahimbəyov), Birinci reportyor (“Səhra yuxuları”, Anar), Knyaz Xasay, Qədim, Cəmil (“Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, İ.Əfəndiyev), Fikrət və Rəşad (“Kimdir haqlı?”, B.Vahabzadə), Mirzə Fətəli (“Mirzə Şəfi”, N.Xəzri), Vasif (“İblis”, H.Cavid), Qiyas (“Şəhərin yay günləri”, Anar), Murad (“Nakam qız”, A.Şirvanzadə), Fəxrəddin (“Qılınc və qələm”, M.S.Ordubadi), Camal (“Nişanlı qız”, S.Rəhman), Həsən Soltan (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Mindövlət və Aydar (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Tesey (“Fedra”, J.Rasin), Özdəmir (“Afət”, H.Cavid), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Agah (“Qanlı Nigar”, S.Şendil), Filippo (“Qoca kloun tələb olunur”, M.Vişnek), Anton Antonoviç Skvoznik-Dmuxanovski (“Müfəttiş”, N.Qoqol) və s. müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaratmış, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış edib.

Rafael Dadaşovun yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib, mütəxəssislərin və tamaşaçıların yüksək dəyərini qazanıb.

Aktyorun çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filimləri və “Qaçaq Süleyman” televiziya filmi, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi”, “İblis qadın”, “2-ci bahar”, “Sənə inanıram” və s. televiziya tamaşaları bu qəbildən olan yaradıcılıq işləridir.

Yaradıcılığındakı uğurlarına və səmərəli fəaliyyətinə görə Rafael Dadaşov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti