...

Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil edib (FOTO)

Mədəniyyət Materials 13 Avqust 2022 18:17 (UTC +04:00)
Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

İsmayıllı. Trend:

Avqustun 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.

Trend xəbər verir ki, media nümayəndələri “Basqal” Dövlət Tarix-Mədəniyyət ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri haqda məlumatlandırılıblar.

Onlara Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib.

Qeyd olunub ki, Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən tədqiq edilib və qoruğun elmi-inventar fondu hazırlanıb. Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək qoruğun muzey fonduna təhvil verilib.

Həmçinin Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub.

Mediatur çərçivəsində jurnalistlərin abadlaşdırılma prosesi ilə bağlı sualları cavablandırılıb.

Xatırladaq ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti