Bakı. Trend:
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında möhtəşəm gecə əsl musiqi bayramına çevrildi.
Trend xəbər verir ki, 15 yaşlı pianoçu Aydan Nuriyevanın ilk solo konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bu gecə klassik musiqi dünyasında yeni üfüqlər açan gənc istedadın təntənəsi oldu. Aydanın ifasında Friderik Şopen, Lüdvig van Bethoven, Robert Şuman və Sergey Prokofyevin əsərləri səsləndi. Hər bir akkord tamaşaçıların qəlbinə toxundu, zalda əyləşən hər kəs bu gənc istedada heyranlıqla qulaq asırdı.
Gecədə həmçinin gənc skripka ifaçısı Elmira Dadaşova da çıxış etdi. O, İrina Mehtiyevanın müşayiəti ilə Pyotr Çaykovskinin əsərini səsləndirdi.
Gecənin ən yaddaqalan məqamı isə sonda yaşandı – tamaşaçılar ayağa qalxaraq alqışlarla Aydanı qarşılayıblar. Virtuoz ifası ilə auditoriyanı valeh edən Aydana səhnənin əsl ulduzu kimi çiçəklər yağıdırılıb.
Aydan Nuriyeva – bu ad hələ çox eşidiləcək. Onun inanılmaz istedadı, zəhməti və mükəmməlliyə can atması ona geniş imkanlar açır. Gənc musiqiçini hələ çox parlaq çıxışlar və qələbələr gözləyir!
Aydan Moskvada anadan olub və musiqiyə ilk addımlarını 4 yaşında, Rusiya Federasiyasının Əməkdar Təhsil İşçisi olan nənəsi Nazira Cangirovanın rəhbərliyi ilə atıb. 6 yaşında Moskvada yerləşən “İlham” Uşaq İncəsənət Məktəbinə qəbul olunub və Rusiya Federasiyasının Əməkdar Təhsil İşçisi Yelena Litvinanın sinfində təhsil alıb.
Artıq ikinci tədris ilindən etibarən Aydan müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edir. Bu yaşda o, artıq Azərbaycan, Rusiya, ABŞ və İtaliyada keçirilən nüfuzlu beynəlxalq müsabiqələrin qalibi və “Gran-pri” mükafatçısıdır. ABŞ-ın məşhur Karnegi-Holl zalında, İtaliyanın Duomo di San Lorenzo kilsəsində, Rusiyada isə Raxmaninov zalı, “Qradskı Holl” Konsert Zalı, “Çarskoe Selo” Dövlət Muzeyi və VDNX-dəki “Azərbaycan” pavilyonunda çıxışlar edib.
Azərbaycanda isə Aydan Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və “Tutti” Gənclər Kamera Orkestrinin müşayiətilə səhnəyə çıxıb. 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IV Respublika Müsabiqəsinin qalibi olub.
Aydan daim üzərində çalışır, Rusiyada, Gürcüstanda, Monteneqroda və İtaliyada məşhur musiqiçilərin ustad dərslərində iştirak edib və istedadının yeni tərəflərini üzə çıxarıb. 2022-ci ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az