Bakı.Trend:
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
“e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal
transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil
edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti
istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə
prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture”
vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət
Nazirliyinin rəsmi internet informasiya ehtiyatı
(https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil
edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd
dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini
sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan
xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film
nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan
və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə
olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin
verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6
iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin
yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və
yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını
xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal,
videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya
xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət
Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi
Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və
videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan
yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət
yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də
Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ
olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni
əməkdaşlıqların yaranmasına şərait yaradacaq.
