Bakı. Trend:
8-ci Mara'ee 2025 sərgisi Bəhreyn Beynəlxalq Dözümlülük Kəndində baş tutub.
Sərgi Bəhreyn Krallığının Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında 8-13 dekabr 2025-ci il tarixlərində Saxir şəhərində keçirilir.
Bu tədbir regionun ən böyük xüsusi sərgisidir və Krallığın davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyinə sadiqliyini inkişaf etdirmək üçün vacib platforma rolunu oynayır.
Bu illik sərgidə kənd təsərrüfatı və heyvan sərgiləri, incəsənət sərgisi, irs kəndi, fermerlər bazarı, heyvandarlıq bazarı və əlavə fəaliyyətlər daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdim olunur. Tədbirin iştirakçıları sırasına Körfəz Əməkdaşlıq Şurası və ərəb ölkələri ilə yanaşı digər dəvət olunmuş xarici ölkələr, o cümlədən Azərbaycan daxildir. Həmçinin proqrama beynəlxalq at sərgisi də daxil olub, Azərbaycanın Qarabağ atları da tədbirdə geniş proqramla iştirak edib.
“Mara'ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən “Azərxalça” ASC yaradıcı heyyəti Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin müxtəlif xalça kolleksiyalarından nümunələrlə yanaşı, əsl əl işi milli xalçaların nümayişi baş tutub.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda iştirakçılar Azərbaycan xalçaları barədə ətraflı məlumat alma, onlarla xatirə şəkli çəkdirmək və azərbaycanlı toxucu xanımla əsl əl işi Qarabağ xalçasının toxunmasında iştirak etmək imkanı əldə ediblər.