Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələrində veb-kameraların quraşdırılması üzrə texniki işlər başa çatıb. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Videogörüntülərin ötürülməsi üçün optik rabitə xətlərindən istifadə ediləcək. Bundan başqa, informasiya təhlükəsizliyi təmin edilib.
Səsvermənin gedişi onlayn rejimdə əlçatan olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək.
Parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələri etibarlı telefon rabitəsi və internet şəbəkəsinə çıxışla da təmin edilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə bildirib ki, veb-kameralardan istifadə olunması seçki prosesinin şəffaflığını təmin edəcək: "Qurğudan seçki məntəqələrinin 20 faizində istiadə olunacaq".