Bakı. Əli Mustafayev - Trend:
Bu il Azərbaycana səfər edən İsrail turistlərinin sayı 3 dəfə artaraq 50 mindən çox olacaq.
Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, turizm Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişaf etdiyi sahələrdən biridir:
“İsraildən Azərbaycana gələn turistlərin sayı artır və onlar gözəl təəssüratlarla geri qayıdır”.
Diplomat qeyd edib ki, turizmdən başqa Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində də əməkdaşlığı genişləndirir. D.Stavın sözlərinə görə, Azərbaycanda İsrail şirkətlərinin sayı ildən-ilə artır.