Bakı. Maksim Tsurkov - Trend:
"Azərbaycan Prezidenti İlham Əliyevə məni əfv etdiyinə görə minnətdarlığımı bildirirəm".
Bunu Trend-ə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 23 dekabr tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş Rusiya vətəndaşı Ruslan Hüseynov deyib.
O, Prezident İlham Əliyevə səmimi arzularını çatdırıb: "Ona uğurlar, xoşbəxtlik nəsib olsun! Bunu səmimi qəlbdən arzulayıram!"
R.Hüseynov 3 il yarım məhkumluq həyatı yaşadığını bildirib:
"Mənim 3 övladım var. Rusiya vətəndaşıyam, ailəm də Rusiyada yaşayır. Bir daha cənab Prezidentə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.
Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.