...

"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" adlı tədbir keçirilib (FOTO)

Gündəm Materials 23 İyun 2018 18:00 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Gənclər Fondu həyata keçirdiyi silsilə tədbirləri davam etdirir.
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Gənclər Fondu həyata keçirdiyi silsilə tədbirləri davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, 2018-ci ilin may ayında gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə şəhərində və Tbilisidə AXC-nin yaranmasının elan edildiyi tarixi binada təşkil edilən tədbirlər ölkə gənclərinin tariximizin şanlı səhifələrindən olan istiqlaliyyətimizin 100 illiyini daha yaxından öyrənmələrinə xidmət edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş növbəti tədbir, Gənclər Fondunun və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 21 iyun 2018-ci il tarixində Sabunçu rayon Gənclər Evində həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" adlı layihə olub.

Layihəyə qeydiyyat elan olunduqdan sonra 300-dən artıq gənc müraciət edərək, layihədə iştirak etmək istəyini bildirib. Gənclərlə müsahibə təşkil olunub, müsahibədən uğurla keçən 120 gənc layihədə iştirak şansı qazanıb. Seçimlər zamanı daxil olmuş müraciətlər əsasında müxtəlif regionlardan gənclər layihəyə dəvət olunub.

Layihə çərçivəsində parlamentin bütün strukturu gənclərdən formalaşdırılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə müzakirə edilmiş mövzular gənclərin müzakirəsinə çıxarılıb. Ümumilikdə simulyasiya çərçivəsində parlamentin 2 sessiyası kecirilib.

Həyata keçirilən sessiyalar zamanı gənclər o dövrün tarixi şəraitini və reallıqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təmsil olunmuş müxtəlif fraksiyaların adından müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndiriblər.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi parlamentin gedişatını izləyib və gənclərə öz tövsiyələrini verib.

Sonda iştirakçılara sertifikatlar verilib və mədəni proqram təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti