Bakı. İlhamə İsabalayeva - Trend:
Qlobal göstəricilər onu göstərir ki, azərbaycanlılar qida rasionunda dünyanın digər ölkələrindən fərqli olaraq, orta hesabla daha çox buğda məhsulları qəbul edirlər.
Trend-in məlumatına görə, bunu Qida Zənginləşdirilməsi Təşəbbüsü (Food Fortification İnitiative) təşkilatının təmsilçisi Sara Tsimmerman Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda deyib.
Onun sözlərinə görə, buna görə də Azərbaycanda unun zənginləşdirilməsi, mikronutriyentlərlə təminat çox vacib məsələdir: "Hesab edirəm ki, növbəti illərdə unun zənginləşdirilməsi prosesi və buna nəzarət məsələləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin üzərinə böyük öhdəliklər düşəcək. Çalışacağıq ki, bu prosesdə sizə dəstək olaq".
S.Tsimmerman əlavə edib ki, Asiya regionunda Türkmənistan və Özbəkistan unun zənginləşdirilməsi üzrə geniş təcrübəyə malikdirlər:
"Tacikistan və Qazaxıstan isə bu prosesə təzə başlayıblar. Biz regionda unun zənginləşdirilməsi ilə bağlı yaxşı təcrübələri mənimsəmək istəyirik".
Unun zənginləşdirilməsi insanları daha ağıllı və sağlam edir. Çünki dəmir çatışmazlığı olan insanlar zehni və fiziki baxımdan inkişafdan geri qalırlar, onlarda anemiya yaranır. Bu hal hətta uşağın ana bətnində ölümünə səbəb ola bilər. Odur ki, unun anemiyanın qarşısını alan mikronutriyentlərlə zənginləşdirilməsi uşaq və anaları güclü edir".
Mütəxəssis hesab edir ki, unun zənginləşdirməsi ilə bağlı standartların qəbulu da çox vacib məsələdir.