...

Ermənilərin hücumunu dəf edərək "Ohanyan səddi"ni darmadağın etdik - Döyüşçü (FOTO/VİDEO)

Gündəm Materials 22 Dekabr 2020 16:41 (UTC +04:00)
Ermənilərin hücumunu dəf edərək "Ohanyan səddi"ni darmadağın etdik - Döyüşçü (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Füzuli rayonu ərazisində ermənilərin "Ohanyan səddi" adlandırılan bunkerlərini qısa müddətdə darmadağın etdik.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Ordusunun zabiti, mayor Elçin Şabanov deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunan zabitimiz Füzuli rayonunun işğaldan azad edilməsi zamanı yaralanıb: "Zəngilan, Cəbrayıl və Qubadlını işğaldan azad edəndən soran Füzuli istiqamətinə yollandıq. Düşmən ağır artilleriyalardan atəş açırdı. Bölmələrimiz onlara cavab olaraq əks-hücuma keçdi. Füzuliyə 3 istiqamətdən əks-hücuma keçdik. Biz meşəliklə, cığırlarla irəliləyirdik. Ermənilər bunkerlərdə gizləndiyi üçün zənn etmirdilər ki, onların səddini yara bilərik. Beton tunelləri var idi, tuneldə 18 otaq. Hər cür şərait qurmuşdular özlərinə. Biz həmin tunellərə yaxınlaşanda artilleriya atəşi kəsdi və biz hücuma keçdik. Tunelləri əl qumbaraları ilə partlatdıq. Elə bildik ki, ermənilərdən ölən öldü, qalanlar da qaçdı. Məlumat aldıq ki, tunelin gizli çıxışı var və erməni hərbçilər həmin yolla qaçırlar. Dərhal dəstənin biri həmin yolu bağladı. Ermənilər tuneldə saysız-hesabsız itki verdilər. Bizdən isə 2 şəhid, 18 yaralı var idi. Yaralıları dərhal arxaya göndərdik, özümüz isə tunelə daxil olduq. Tuneldə erməni qalmamışdı, hamısını öldürmüşdük . Mövqeləri tam tutandan sonra tuneldən çıxıb hərbi hissə komandiri ilə rabitə əlaqəsi qurdum ki, bunkeri almağımız barədə məlumat verim. Bu vaxt arxadan atəş açıldı, snayperlə vuruldum. Həmin istiqamətə dönəndə ikinci atəş açıldı. Xoşbəxtlikdən ikinci güllə qoruyucu gödəkçəyə dəydi və mən yıxıldım. Yanımdakı əsgərlər dərhal atəş nöqtəsini müəyyən edərək ora hücum etdilər. Məlum oldu ki, bunkerin yanında balaca bir yer var, tuneldən qaçan 3 erməni həmin yerdə gizlənibmiş. Onları da məhv elədik".

E.Şabanov deyir ki, erməni hərbçilərlə Azərbaycan döyüşçüləri arasında fərq böyük idi: "Ermənilərin bir nəfəri öləndə o birilər mövqeyi qoyub qaçırdılar. Amma Azərbaycan əsgəri şəhid verirdisə, gözünü qan örtürdü, həmin şəhidin qanını almaq üçün döyüşə atılırdı. Azərbaycan əsgərinin 44 günlük müharibədə etdikləri qəhrəmanlıqları sözlə ifadə etmək mümkün deyil. Gərək həmin döyüşü müşahidə edəsən. Azərbaycan əsgərinin gözündə qorxu yox idi. Elə qalib gəlməyimizin də səbəbi o idi. Ən gənc əsgərimizdə dəhşətli dərəcədə döyüş ruhu var idi. Əsgərlər yalnız irəli gedirdi, geri çəkilmək bilmirdi. Erməniləri məhv edib tuneli nəzarətə götürəndən sonra tuneldən çıxdıq və mövqeyimizi dəyişdik. Yaralı olsam da geri qayıtmaq istəmirdim. Döyüşə girəndə özümüzlə ilkin tibbi yardım ləvazimatları götürürdük. Ona görə də, elə döyüşdə bir-birimizə ilkin tibbi yardım göstərirdik. Mənə də ilkin tibbi yardım göstərildi.

Axşamı gözləməli olduq ki, hava qaralsın, sonra yaralıları xəstəxanaya göndərək. Mən isə ağrılardan dayana bilmirdim. Çoxlu qan itirdiyimdən gözlərim qaralırdı. Əsgərlər mənə yardım etdilər, hava qaralandan sonra yaralılarla birlikdə xəstəxanaya gəldik. İndi yaxşıyam, özümü normal hiss edirəm. Yaralarım tam sağalandan sonra yenidən xidmətimə davam edəcəm".

Yaralı zabitimiz deyir ki, indi döyüş yoldaşları Şuşadadır: "Mən yaralanandan sonra yoldaşlarım döyüşə davam elədilər. Artıq hər şey yaxşıdır, Azərbaycan Ordusu öz ərazilərinə nəzarəti davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti