...

Qoruyucu maska seçərkən diqqətli olun - Dövlət Xidməti

Gündəm Materials 25 Dekabr 2020 10:03 (UTC +04:00)
Qoruyucu maska seçərkən diqqətli olun - Dövlət Xidməti

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara müraciət edib.

Xidmətdən Trend-ə verilən xəbərə görə, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir. Standartların tələblərinə görə, birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib. Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.

Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər".

Qurumdan bildirilib ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib: "Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti