...

Vətən müharibəsi şəhidlərinin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib (FOTO)

Gündəm Materials 10 Sentyabr 2021 11:47 (UTC +04:00)
Vətən müharibəsi şəhidlərinin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib (FOTO)

Bakı. Trend:

Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib.

Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə əklil, çələnglər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər. Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

Polkovnik-leytenant Həmdəm Ağayev sağlığında 10-dan çox döyüş medalı ilə təltif olunub. Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edərək yüksək peşəkarlıq və şücaət nümunələri göstərib. 4 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenant Həmdəm Ağayev ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Adil İbrahimli 2020-ci il noyabrın 2-də Xocavənd rayonu ərazisində qəhrəmancasına şəhid olub. Sağlığında iki döyüş medalı ilə təltif olunun gənc zabitə ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirmişdir. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələrinin, o cümlədən müharibə qazilərinin daim diqqətdə saxlanıldığını və bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Şəhidlərin ölümlərindən sonra layiq görüldükləri medallar və Müdafiə nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” adlı kitabın nüsxələri şəhid ailələrinə təqdim edilib. Xatirə mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə Marşı”nın sədaları başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti