...

Qarabağ Dirçəliş Fondu AMCHAM üzvlərinin Ağdama səfərini təşkil edib (FOTO)

Gündəm Materials 28 Sentyabr 2021 16:49 (UTC +04:00)
Qarabağ Dirçəliş Fondu AMCHAM üzvlərinin Ağdama səfərini təşkil edib (FOTO)

Bakı. Trend:

Ağdamda Qarabağ Dirçəliş Fondu, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycanda Amerika Ticarət palatası (AMCHAM) üzvlərinin iştirakı ilə “Ağdam rayonunun iqtisadi inkişaf potensialı” mövzusunda müzakirə görüşü keçirilib.

Fonddan Trend-ə bildirilib ki, iştirakçılar tədbirdən öncə Ağdam şəhərində İmarət kompleksini, Çörək muzeyini, Dövlət Dram Teatrını, Cümə məscidini, Qiyaslı məscidini, Şahbulaq kompleksini ziyarət ediblər. Xanəndələr Dövlət Dram Teatrının qarşısında qonaqlara milli musiqilərimizi səsləndiriblər.

Tədbirdə qonaqları salamlayan Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iştirakçılara Ağdam rayonunun ümumi planı, şəhərin baş planı, infrastrukturu və bölgənin iqtisadi potensialı haqqında məlumat verib.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk öncə tədbir iştirakçılarını Fondun yaradılması, missiyası, dəyərləri, hazırki fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan Rəhman Hacıyev, bərpa prosesinin irimiqyaslı və mürəkkəb bir proses olmasına diqqət çəkib. İdarə Heyətinin sədri iştirakçılara işğaldan azad olunan ərazilərimizə dəyən zərərlə bağlı dolğun məlumatların yer aldığı ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” (www.karabakh.center) internet resursu haqqında ətraflı məlumat verib.

Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün dövlətin resursları ilə yanaşı cəmiyyətimizin və diasporumuzun səylərininin də birləşdirilməsinin çox vacib olduğunu xüsusi vurğulayıb. Belə səfərlərin böyük əhəmiyyətə malik olduğunu deyən R. Hacıyev “İnsan yalnız bu vəhşiliyi, bu xarabalıqları öz gözü ilə gördükdən sonra, bu ərazilərdə bərpa prosesinin necə mürəkkəb, necə miqyaslı olduğunu təsəvvür edə bilər”, deyə əlavə edib.

Azərbaycanda Amerika Ticarət palatasının prezidenti Nuran Kərimov çıxışı zamanı belə səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib.

Görüşdə qonaqlara Fondun #KarabakhChallenge kampaniyası haqqında məlumat verilib, kitabçalar təqdim olunub.

Məbləğindən asılı olmayaraq, hər bir soydaşımız Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəsini verə bilər.

Ətraflı: https://qdf.gov.az/iane-et/

İanələr Azərbaycan Respublikasının işğaldan azad edilən Qarabağ bölgəsinin ərazilərinin bərpası və yenidənqurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti