...

Ceyhun Bayramov Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)

Gündəm 21 Yanvar 2022 00:38 (UTC +04:00)
Ceyhun Bayramov Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

20 yanvar 2022-ci il tarixində Vyana şəhərində 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

XİN-dən Trend-ə verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işgüzar dairələrinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli açaraq, 32 il öncə Sovet ordusunun Bakı, Sumqayıt və ölkəmizin digər şəhərlərində törədiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verdi və qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirdi.

Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov çıxış etdi. Nazir, 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, baş verən faciənin xalqımızın iradəsini qıra bilmədiyini, onun müstəqillik arzusunu daha da alovlandırdığını və 1991-ci ildə Azərbaycanın öz müstəqillyini bərpa etməyə nail olduğunu bildirdi.

Nazir xalqımızın Ümummilli lideri Heydər Əliyevin 20 yanvar faciəsindən dərhal sonra, 21 yanvar 1990-cı ildə ölkəmizin Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək xalqımızla həmrəylini nümayiş etdirdiyini və baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə yetirdi.

Ceyhun Bayramov Azərbaycan ayrı bir şəraitdə, öz ərazi bütövlüyünü təmin edərək 20 yanvar faciəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsini andığını qeyd edib. O, 2020-ci ilin noyabrında Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimizin 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdiyini və Ermənistan-Azərbaycan münaqişəsində son qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç zaman unutmayacağını, onların əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığını qeyd edib.

Daha sonra tədbir iştirakçıları 20 yanvar hadisələrinə həsr olunmuş sənədli filmi izləyiblər. Tədbirin keçirildiyi “Urania” kinosalonunun foyesində 20 yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti