...

UFAZ-da Fransa səfirliyi, ADNSU və Strasburq universiteti arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Gündəm Materials 21 Aprel 2022 18:23 (UTC +04:00)
UFAZ-da Fransa səfirliyi, ADNSU və Strasburq universiteti arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Bakı. Trend:

Aprelin 21-də Azərbycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin 10-cu iclası keçirilib.

İclasdan öncə görüş iştirakçıları - Azərbaycan Respublikası Təhsil nazirinin müavini Muxtar Məmmədov, Fransanın Azərbaycandakı səfiri Zakari Qross ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin Prezidenti Mişel Deneken, Təhsil nazirliyinin Elm və Ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev, Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Strasburq Universitetinin Akademik tərəfdaşlıq üzrə vitse-prezidenti və UFAZ-ın koordinatoru Jan-Mark Planeks, həmçinin UFAZ-ın İcraçı direktoru, dosent Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova, Strasburq Universitetinin professoru və UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri Filip Turek və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova UFAZ-da yeni açılacaq Frankofon Karyera Mərkəzində olub. Burada onlara mərkəz haqqında ətraflı məlumat verilib.

Sonra ADNSU, Strasburq Universiteti və Fransa səfirliyi arasında Doktoronatura pilləsində təhsil alan tələbələrə Fransa hökumətinin təqaüdlərinin verilməsi ilə bağlı əməkdaşlıq sazişi imzalanıb.

UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və baş katib Elizaveta Bydanova bu sazişin universitet üçün yeni başlanğıc olduğunu qeyd ediblər.

Mərasimdə çıxış edən səfir Zakari Qross bu sənədin UFAZ tələbələri üçün və Azərbaycan ilə Fransa arasında tədqiqat sahəsində yeni imkanlar açacağını bildirib.

UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri professor Filip Turek sazişi ADNSU və Strasburq universtietlərinin birgə rəhbərliyi altında UFAZ tələbələrinin doktorantura pilləsində təhsil alması üçün mühüm bir başlanğıc hesab edib və bunun sayəsində tələbələrin hər iki ölkədə tədqiqat aparmaq imkanı əldə edəcəklərini qeyd edib.

ADNSU-nun rektoru, professor M.Babanlı Fransa səfirliyinin maliyyə dəstəyi ilə reallaşdırılacaq müqavilənin əhəmiyyətindən danışıb və bu sazişin sayəsində tədqiqatçı alimlərin hazırlanması istiqamətində mühüm addımlar atılacağına ümidvar olduğunu deyib.

İmzalanma mərasimindən sonra baş tutan UFAZ Rəhbər Komitəsinin 10-cu iclasında 2022/2023 tədris ili ilə bağlı perspektivdə duran məsələlər, dərslərin təşkili, eləcə də UFAZ-ın istehsalat təcrübəsinin nəticələri haqqında müzakirələr aparılıb. Görüşdə 2022-ci ildə UFAZ-da bakalavr təhsilini başa vuran və magistratura pilləsində təhsil alan tələbələrin son statistik nəticələri, habelə tədqiqat sahəsində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, UFAZ-ın Rəhbər komitəsi UFAZ-ın bütün strateji və operativ məsələlərini müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır. Komitə UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək idarəetmə orqanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti