Bakı. Trend:
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər.
Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.
General-polkovnik Z.Həsənov və cənab H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.
Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.
xxx
11:47
Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimini izləyib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.