...

Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcək (FOTO)

Gündəm Materials 28 Sentyabr 2023 09:53 (UTC +04:00)
Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcək (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londonda işgüzar səfərdə olub.

Assosiasiyanın təntənəli Bayraq mərasimində çıxış edən Baş prokuror təşkilatın bayrağını rəsmən qəbul edərək, tədbir iştirakçılarını 2024-cü ilin sentyabrında Bakı şəhərində keçiriləcək ümumdünya prokurorlarının 29-cu konfransına dəvət edib. Daha sonra ölkəmizin, o cümlədən paytaxtımızın milli-mədəni və tarixi abidələrini əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilməklə broşürlər, eləcə də, məlumat kitabçaları paylanılıb.

Səfər çərçivəsində Baş prokuror Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill ilə görüşüb. Hüquq mühafizə orqanlarımız arasında əlaqələrin genişlənməsinin zəruriliyi, mütəşəkkil cinayətkarlıqla, xüsusən qanunsuz miqrasiya, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Kamran Əliyev ötən ilin avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına hücum edən radikal dini qruplaşma üzvlərinin cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmələri və bu məsələdə Azərbaycan prokurorluğu ilə sıx əməkdaşlığa görə təşəkkür ifadə edib.

Baş prokurorun Krallığın Daxili İşlər Nazirliyinin Ekstradisiya məsələləri üzrə rəhbəri Harj Dersi ilə görüşündə isə cinayət törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələləri müzakirə edilib, bu sahədə birgə fəaliyyət və sıx əməkdaşlıq edilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüşündə həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək, bu sahədə Sinqapurun mövcud müsbət təcrübələrin öyrənilməsi və tətbiq edilməsində maraqlı olduğunu bildirib.

Lüsyen Vonq uğurla reallaşan qarşılıqlı əməkdaşlığa görə təşəkkürün ifadə edib, 2024-cü ildə ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının konfransına hazırlıq işləri ilə maraqlanıb.

Həmçinin, Baş prokuror ABŞ, Braziliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Monqolustan və digər ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, sentyabr ayının 19-da Müzaffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri barədə onları məlumatlandırıb.

Konfrans çərçivəsində ölkəmizin sədrliyi ilə Assosiasiyanın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, parallel maliyyə istintaqı və aktivlərin bərpası mövzularında keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində bir sıra ölkələrin prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak ediblər. Sessiyada Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşı İsfəndiyar Hacıyev sədrlik edərək Assosiasiyanın "Xidmətlərə görə" təltifinə layiq görülüb.

Səfər çərçivəsində heyət üzvlərimiz bir sıra ölkələrdən olan həmkarları ilə işgüzar görüşlər keçirərək əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.

Baş Prokurorluğun nümayəndə heyətinin Londona işgüzar səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti