Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaraçaycek kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Qaraçaycek kəndi ilə yanaşı Aşağı Zeyid, Qaracik, Qaracik Zeyid, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə təşəkkürlərini bildirib, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.