Azərbaycan, Lənkəran, 11 yanvar / Trend , müxbir P.Əliyeva/ Anormal şaxtalar Lənkəran rayonunun su-kanalizasiya sistemini iflic vəziyyətə salıb. Lənkəran Su-Kanal İdarəsinin müdiri Məhərrəm Məmmədov cümə günü Trend ə bildirib ki , şəhərin 1-ci və 2-ci mikrorayon yaşayış massivindəki binaları və həyət evlərini su ilə təmin edən , stansiya və yarımstansiyalardakı 25 su nasosu buz bağlayaraq sıradan çıxıb.
Azərbaycanda anormal şaxtalı hava son bir həftədir davam edir. Milli Hidrometeorologiya Departamenti bu cür hava şəraitinin yanvarın 14-nə kimi davam edəcəyini açıqlayıb.
Məmmədov deyib ki, su nasoslarının sıradan çıxması ilə əlaqədar şəhərdə 2087 abonentin əksəriyyətinə suyun verilməsi dayanıb. Əhali üçün qoyulan 437 sayğacın əksəriyyəti yararsız vəziyyətə düşüb.
Hazırda idarənin budcəsinə dəymiş ziyan araşdırılır. İdarənin 47 nəfərlik şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyir . Buz bağlamış boruların və su nasoslarının altında tonqallar yandırılaraq buzu əridirlər.
Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.