...

Azərbaycan FHN-in xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 6 nəfəri sağ çıxarıblar

Hadisə Materials 25 Oktyabr 2011 10:25 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 10 nəfərin meyitini, 6 nəfəri isə sağ çıxarıblar.
Azərbaycan FHN-in xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 6 nəfəri sağ çıxarıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 10 nəfərin meyitini, 6 nəfəri isə sağ çıxarıblar.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 cəsəd tapılaraq dağıntılar altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Vanda isə rəsmi olaraq 273 nəfərin öldüyü təsdiqlənib, 1100-dən artıq yaralı var. Ölənlərin sayının 1000-ə çatacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti