Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Bakıda yataqxanada baş vermiş partlayışla bağlı məlumat yayıb.
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda binada qaz balonunun partlaması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində məişətdə istifadə olunan kiçik həcmli qaz balonu partlayıb.
Yanğın hadisəsi, dağıntı və xəsarət alan olmayıb.
Xilasedicilər və yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.