Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/
Gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanından tiryək və heroin aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nizami Əliyevin üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 87,488 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 8,570 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Qeyd edək ki, həmin gün eyni gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Seymur Ocaqovun üzərində də şəxsi yoxlama aparılarkə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə ümumi xalis çəkisi 192,312 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 23,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Hər iki faktla əlaqədar təhqiqat aparılır.