...

Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş verən silahlı insidentlə bağlı məsələyə rəsmi aydınlıq gətirdi

Hadisə Materials 11 Oktyabr 2013 13:08 (UTC +04:00)
Azərbaycan-İran sərhəddində silahlı insident baş verib.
Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş verən silahlı insidentlə bağlı məsələyə rəsmi aydınlıq gətirdi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan-İran sərhədində silahlı insident baş verib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhədçilərin sayıqlığı nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 11 oktyabr 2013-cü il tarixdə saat 03:45 radələrində sərhəd naryadı dövlət sərhədində şübhəli səslər eşidib və İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 3 nəfərin qaraltısını müşahidə edərək bu barədə dərhal sərhəd zastavasına məruzə edib. Sərhəd naryadı maskalanaraq sərhəd pozucularını yaxın məsafəyə buraxıb və onlara "Dayan" komandası verib.

Lakin sərhəd pozucuları sərhəd naryadının tələblərinə məhəl qoymayaraq geri İİR istiqamətində qaçmağa başlayıblar. Sərhəd naryadı onları təqib edib, tabe olmadıqlarını gördükdə naryad başçısı xəbərdarlıq atəşi açıb. Sərhəd pozucuları bu tələbə də tabe olmadıqda naryad üzvləri təqibi davam etdirməklə onların qaranlıq hava şəraitində, həmçinin meşəlik ərazidə saxlanılmasına nail olmaq üçün qanuna uyğun olaraq silahdan istifadə ediblər.

Sərhəd pozucularından bir nəfəri naryad başçısı tərəfindən açılmış atəşlə hər iki ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı sərhəd pozucusu -1969-cu il təvəllüdlü, Yardımlı rayon sakini Abışov Mais Murtuz oğluna sərhəd naryadı üzərində olan fərdi sarğı paketindən istifadə etməklə ilkin tibbi yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Digər sərhəd pozucusu -1992-ci il təvəllüdlü, Bakı şəhər sakini Mirseyfullayeva Günay Azad qızı yaxalanıb. Təqibdən yayınmağa müvəffəq olmuş digər sərhəd pozucusu 1976-cı il təvəllüdlü Abışov Ramiz Murtuz oğlunun axtarışı üzrə tədbirlər davam etdirilir.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu "Marlboro" siqareti aşkar edilərək götürülüb.

Hadisə barədə Azərbaycan Respublikasının aidiyyəti qurumları məlumatlandırılıb, araşdırma tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti