Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/
Bakıda "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub, "VAZ"-ın sürücüsü ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-sı saat 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri - 1968-ci il təvəllüdlü Vidadi Əliyevin idarə etdiyi "VAZ-2106" markalı və 1990-cı il təvəllüdlü Zahid Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü V.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.