Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/
Dubaydan gələn Rusiya vətəndaşının çamadanında kustar üsulla hazırlanmış 5 ədəd bıçaq aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Rusiya Federasiyasının vətəndaşı Ruslan Süleymanovun çamadanına gömrük baxışı keçirilib. Baxış zamanı çamadanda 5 ədəd bıçaq aşkar edilib.
İlkin araşdırma zamanı vətəndaş izahatında həmin əşyaları Nepal Respublikasının Katmandu şəhərində suvenir mağazasından aldığını bildirib.
Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 5 ədəd bıçaq kustar üsulla hazırlanan - çapıcı, kəsici-deşici xassəyə malik "Kukri" tipli Nepal milli bıçaqları olub və istifadəyə yararlı soyuq silah hesab edilib.