...

FHN Ceyranbatan su anbarında 20 yaşlı gəncin batması barədə məlumatlara aydınlıq gətirdi

Hadisə Materials 7 Avqust 2015 10:39 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Ceyranbatan su anbarında bir nəfərin batması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirib.
FHN Ceyranbatan su anbarında 20 yaşlı gəncin batması barədə məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Fövqəladə Hallar Nazirliyi (FHN) Ceyranbatan su anbarında bir nəfərin batması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son günlər 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun yanlış olaraq Ceyranbatan su anbarında batması və bununla bağlı müxtəlif qeyri-dəqiq fikirlər səslənir: "Bununla əlaqədar bildiririk ki, 30 iyul 2015-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər".

Nazirlik bildirir ki, axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək: "Əlavə olaraq bildiririk ki, Ceyranbatan su anbarı FHN tərəfindən ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya çimməsi qeyri-mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti