Bakı. Trend:
Mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəmiş və polisə məlumat verməməsini tələb edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun "VAZ-21154" markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.
C.Qasımov ailə üzvlərinə təhvil verilib.
Faktla əlaqədar CM-in 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.