Bakı. Trend:
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Naxçıvan
Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə
Respublikası vasitəsilə Almaniya Federativ Respublikasına biyan
kökü yükü aparan 29E39310 dövlət nömrə nişanlı “RENAULT” markalı
nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış
məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib.
Gömrük baxışı keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində
nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və
aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye
halında xalis çəkisi 8 kiloqram 700 qram olan narkotik
vasitə-heroin aşkar olunub.
Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə
narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli
keçirilməsi) cinayət işi başlanılıb.