Bakı. Trend:
Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
xxx
11:57
Ucarda boğularaq öldürülən qadının oğlu saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Qurbanov Faiq Bakı şəhərində saxlanılıb.
Araşdırmalar davam etdirilir.
xxx
11:43
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981 təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.