Cari ilin noyabr ayında 1 nəfər Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyərkən sərhədçilər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Dövlət sərhədinin mühafizəsi zamanı müxtəlif ölkələrin vətəndaşlarından ibarət 29 şəxs saxta sənəd gəzdirməsinə, 2 nəfər sənədinin başqasına məxsus olmasına, 40 nəfər müvafiq sənədləri olmamasına, 19 nəfər isə vizalarının olmamasına görə saxlanılıb. Həmçinin, 3 nəfər Azərbaycan, 3 nəfər Əfqanıstan, 2 nəfər Özbəkistan, 1 nəfər Gürcüstan, 1 nəfər Türkiyə vətəndaşı sərhədi keçərkən şübhəli şəxs qismində sərhədçilərimiz tərəfindən saxlanılıb.
Bundan əlavə, DSX əməkdaşları müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 48 nəfəri də yaxalayıblar. Ay ərzində sərhədçilərimiz tərəfindən 1 ədəd "AK" markalı silah, "AK" markalı silah üçün 1 ədəd daraq, 6 ədəd 5,45 mm patron, 7 ədəd ov tüfəngi, ov tüfəngi üçün 43 ədəd patron, 23 ədəd giliz, 5 ədəd daraq, 2 kq 853 qram tiryəkə və 97 qram heroinə oxşar maddə müəyyənləşdirilərək götürülüb.