...

Bərdədə etiraz aksiyası keçirilib

Hadisə Materials 11 Avqust 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunun geyim əşyaları yarmarkasında ticarətlə məşğul olan 100-dən çox sakin şənbə günü saat 11:00 radələrində etiraz aksiyası keçirərək şəhərin Koroğlu küçəsindən keçən avtomobil yolunu 40 dəqiqəyə yaxın bağlayıblar. Ticarətlə məşğul olan insanlar geyim əşyaları satılan yarmarkanın başqa əraziyə köçürülməsinə etiraz ediblər. 500-ə yaxın ticarət obyekti olan yarmarkanın şəhərdən 6 km aralıda yerləşən əraziyə köçürüldüyünü deyən aksiya iştrakçıları bundan başqa, onlara təklif olunan satış köşklərinin ərazisinin kiçik olduğunu bildiriblər. Onların sözlərinə görə, hazırda ticarətlə məşğul olduqları köşklər 18 -20 kvadrat metrə bərabərdisə, yeni yarmarkada ticarətçilərə 6-8 kvadrat metr yer təklif olunur.

Aksiya yerinə gələn rayon polis şöbəsinin əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə danışıqdan sonra avtomobil yolunda hərəkət bərpa olunub. Bərdə rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanov bildirib ki, ticarət yarmarkası həmin ərazidən mütləq köçürülməlidir. Çünki yarmarka Tərtər çayının sağ sahilində yerləşir, çayda isə dövlət proqramı çərçivəsində beton vasitəsilə sahilbərkitmə işləri aparılır. Həmin ərazidə yeni park salınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti