Azərbaycan, Bakı, 3 aprel /Trend/
ABŞ-ın Con Hopkins İnstitutu 1946-48-ci illərdə Qvatemala sakinlərini qəsdən venerik xəstəliklərə yoluxdurmaqda ittiham olunur.
Trend-in "Fox News"a istinadən verdiyi məlumata görə, institut tərəfindən venerik xəstəliklərlə yoluxdurulmuş 750 nəfərin tələbi ilə Baltimor Dairə Məhkəməsində 1 milyard ABŞ dolları dəyərində kompensasiya iddiası qaldırılıb.
İddianamədə cavabdeh qurumlar kimi Rokfeller Fondu və "Bristol-Myers Squibb" əczaçılıq şirkəti də qeyd olunub.
ABŞ hökuməti 2010-cu ilin oktyabrında rəsmi şəkildə etiraf edib ki, 1946-48-ci illərdə amerikalı həkimlər tərəfindən "pensillin terapiyası və venerik xəstəliklərin müalicəsində imkanları yoxlamaq məqsədi ilə" Qvatemala sakinləri üzərində təhlükəli sınaqlar keçirilib. Xüsusi komissiyanın məlumatına görə, honoreya və siflis xəstəliklərinin yoluxudurlması ilə gerçəkləşən eksperimentlər bu və digər formada 5,5 minə yaxın Qvatemala sakininə zərər yetirib, 83 nəfərin ölümünə səbəb olub. Rəsmi Vaşinqton bu sınaqlara görə Qvatemala xalqından üzr istəyib.
Qvatemala hüquq müdafiəçilərinin sözlərinə görə, həkimlər bir qayda olaraq sınaqlarda fahişələrdən istifadə ediblər. Qvatemala hökuməti buna icazə versə də, eksperimentdə iştirak edən şəxslərin əksəriyyəti nə baş verdiyindən xəbərsiz olub və onlardan razılıq alınmayıb.
Con Hopkins İnstitutunun nümayəndəsi Kim Hoppe isə iddiaları əsassız adlandırıb: "Biz ABŞ hökumətinin Qvatemala tədqiqatları və nəticələri barədə apardığı təhqiqatı aqlışlayırıq. Lakin iddiaçıların vəkili tarixi faciəni maddi mənfəət naminə istismar etməyə çalışır".