...

Afrika qabanı və ya "Pumba"nın özəllikləri (FOTO)

Maraqlı Materials 22 Yanvar 2018 01:02 (UTC +04:00)
“Kral Şir” və “Timon və Pumba” cizgi filmlərindən tanıdığımız Pumba obrazının elmi adı ziyilli donuz və ya Afrika qabanıdır.
Afrika qabanı və ya "Pumba"nın özəllikləri (FOTO)

Bakı. Trend:

“Uolt Disney”in istehsalı olan “Kral Şir” və “Timon və Pumba” cizgi filmlərindən tanıdığımız Pumba obrazının elmi adı ziyilli donuz və ya Afrika qabanıdır.

Uqanda və Tanzaniyada da rast gəlinən Afrika qabanları donuzkimilər sinfinə aid olsa da, donuzlardan çox fərqlənirlər.

Trend ziyilli donuzlarla bağlı maraqlı faktları təqdim edir:

- Digər donuzlar kimi, Afrika qabanı da, necə deyərlər, daşdan yumşaq nə var yeyir, amma əsasən otla qidalanırlar.

- Bir-birilərinə qarşı olduqca qayğı ilə yanaşırlar. Hətta həmcinsləri ilə dalaşarkən öz təhlükəli silahları - ülgüc kimi iti olan dişlərindən istifadə etmirlər. Dişlərinin uzunluğu təqribən 30 sm olur, lakin nadir hallarda 60 sm-dək uzanır.

- Afrika qabanı yeganə donuzdur ki, özünə yuva düzəldir və orada da yaşayır. Çox vaxt oxlu kirpi və digər heyvanların yuvalarından istifadə edərək özlərinə sığınacaq qururlar. Yuvalarına diziüstə arxa-arxaya daxil olurlar. Üzlərini yuvadan çölə çıxarıb yatırlar, bununla da yuvadakı balalarını vəhşi heyvanlardan qoruyurlar.

- Hamiləlik dövrü 5 ay çəkir və ildə 2 dəfə nəsil artırırlar. Adətən, 2-4 bala dünyaya gəlir. 3-4 aylığında balalar artıq sərbəst şəkildə özləri qidalanırlar. 1 yaşınadək anaları ilə yuvada qalırlar.

- Afrika qabanı donuzlar arasında ən sürətlə qaçandır: saatda 50 km. Lakin bu sürətlə uzun məsafə qət edə bilmirlər.

- Həyatının çox hissəsini diziüstə keçirirlər - otlayanda da diziüstə gedirlər. Afrikada yaşayan və miqrasiya etməyən azsaylı heyvanlardandır.

- Bədənlərinin ölçüləri 145-190 sm, boyları 65-85 sm, çəkiləri isə 50-150 kq olur. Sıx meşələr, səhralar istisna olmaqla, Afrika qabanları, demək olar, bütün Afrika ərazisində geniş yayılıblar. Dişilər balaları ilə kiçik sürü halında yaşayırlar. Erkəklər isə çox nadir hallarda sürü ilə gəzir, əsasən, təkbaşına dolanırlar.

- Vəhşi təbiətdə 15 il, heyvanxanada isə 18 ilədək yaşayır.

FOTO və MƏTN: Arif Ələkbər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti