...

BMT silahlı münaqişələr zamanı itgin düşmüşlərin problemləri üzrə Azərbaycanın Qətnaməsini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2008 12:59 (UTC +04:00)
BMT silahlı münaqişələr zamanı itgin düşmüşlərin problemləri üzrə Azərbaycanın Qətnaməsini qəbul edib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir S.Ağayeva/ BMT silahlı münaqişələr zamanı itgin düşmüş şəxslərin problemlərinə həsr olunmuş Azərbaycanın Qətnaməsini qəbul edib. Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən Qətnamə layihəsi Cenevrədə BMT-nin İnsan Haqları Şurasının yeddinci iclasında qəbul olunub. Bu barədə şənbə günü BMT-nin Cenevrədəki şöbəsində Azərbaycanın daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov məlumat verib.

Münaqişələr zamanı itgin düşən şəxslərin problemi ayrıca olaraq Azərbaycan üçün aktualdır. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dörd mindən çox ölkə vətəndaşı hələ də itgin düşənlər siyahısındadır. Bu səbəblərdən təşəbbüs həm Cenevrədə, həm də BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ənənəvi olaraq Azərbaycan tərəfindən irəli sürülür.

Əmirbəyovun sözlərinə görə, Qətnamə layihəsi Şura tərəfindən yekdilliklə qəbul olunub. BMT-nin bütün coğrafi regional qruplarını təmsil edən təşkilata üzv 38 dövlət sənədə həmsponsor qismində qoşulub.

İnsan Haqları Şurasının üzvləri qarşısında Qətnamə layihəsinin təqdimatı üzrə çıxışı zamanı Əmirbəyov qeyd edib ki, layihənin qəbul olunmasında əsas məqsəd İnsan Haqları Şurası vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini itgin düşən şəxslərin problemlərinin aktuallığına, o cümlədən bu problem üzrə beynəlxalq aləmin, ilk növbədə silahlı münaqişələrin iştirakçı dövlətlərinin, həmçinin itgin düşənlərin ailə üzvlərinin səylərinin vaxtında, əlaqəli, ardıcıl və səmərəli qəbul edilməsinin zəruriliyinə yönəltməkdir.

Layihə silahlı münaqşələrin iştirakçı dövlətlərini hər vasitə ilə itgin düşənlərin taleyinin müəyyən edilməsi işi üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq etməyə çağırır, komissiya və işçi qrupların milli səviyyədə müvafiq fəaliyyətlərini alqışlayır.

Azərbaycan nümayəndə heyətinin təşəbbüsü üzrə Qətnamə layihəsinə operativ istiqamətlərin əlavə edilməsi məqsədilə İnsan Haqları Şurasının sentyabr ayında itgin düşən şəxslərin problemləri üzrə keçiriləcək sessiyası çərçivəsində açıq müzakirələrin keçirilməsinə dair qərar qəbul olunub. Sessiyada dövlətlər, qeyri-hökumət və beynəlxalq təşkilatlar, BQXK və insan haqları üzrə beynəlxalq institutlar iştirak edəcək. Sessiyanın yekununda BMT-nin insan haqları üzrə Ali Komissarı xülasə hazırlayacaq.

Məhz bu sessiyada Şuranın yenidən seçilən İnsan Haları üzrə Məsləhət Komitəsinə itgin düşən şəxslərin problemlərinin ünvanlaşdırılması məsələsində qabaqcıl təcrübə üzrə araşdırmaların hazırlanması xahişi ilə müraciət etməsi planlaşdırılır. Qətnamə layihəsində həmçinin gələn ilin mart ayına qədər Qətnamənin yerinə yetirilməsi üzrə əhatəli hesabatın hazırlanması xahişi ilə BMT Baş Katibliyinə müraciət də yer alıb.

Xəbər lenti

Xəbər lenti