...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeni imkanlar yaranıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2008 14:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeni imkanlar yaranıb

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir S.Ağayeva/ BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamənin qəbulundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeni imkanlar yaranıb və onlar həm ATƏT-in Minsk Qrupu həmsədrləri, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməlidir. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnaməni qəbul edib. Səsvermə zamanı 39 ölkə Qətnamənin lehinə, 7 ölkə əleyhinə səs verib, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ da daxil olmaqla, 100 ölkə bitərəf qalıb.

Sənəddə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi" və Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərməsinə dair ciddi narahatlıq ifadə olunur.

Qənamədə Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması qeyd olunur.

İbrahimin sözlərinə görə, Madrid təklifləri də münaqişənin nizamlanması üçün yaxşı perspektivlər açır.

O hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşündən sonra münaqişənin həlli məsələsində irəliləyişin əldə edilib-edilməməsi barədə Minsk Qrupu vasitəçilərinin ayın sonu üçün regiona nəzərdə tutulan növbəti səfərlərindən sonra nəsə demək olar.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti